Həmçinin kişi və qadınlar eyni salonda film seyr edə biləcəklər
“Reuters” agentliyinin yaydığı xəbərə görə, Səudiyyə Ərəbistanı rəsmilərinin “AMC” kinoteatr şirkəti ilə əldə etdiyi razılaşmaya əsasən, 35 il sonra, 18 aprel tarixindən Səudiyyə Ərəbistanında ilk dəfə yeni kinoteatr salonu açılacaq. Yaxın 5 il ərzində 40-a yaxın kinoteatr salonu istifadəyə veriləcək. “AMC” şirkətinin ilk kinoteatrı “Kral Abdullah Finansal” zonasındakı simfonik konsert salonu açmaq məqsədi ilə inşa edilən binada fəaliyyət göstərəcək. Kinoteatrlarda nümayiş olunacaq ilk film isə Marvelin “Qara bəbir” olacaq.
“AMC”nin icraçı direktoru Adəm Aron “Reuters”ə verdiyi müsahibəsində “dünyanın ən gözəl salonu” hesab etdiyi yeni kinotaetrda 500 dəri oturacaq, orkestr və eyvan sahələri olacağını da bildirib. Şirkət 2030-cu ilə qədər 350-dən çox kinoteatr salonu açmaq məqsədi daşıyır.
Açılacaq bu yeni kinoteatrlarda ən maraq doğuran məsələ isə ictimai yerlərdə tətbiq edilən qaydalardan və Səudiyyə Ərəbistanındakı ənənələrdən fərqli olaraq bu dəfə qadınlar və kişilərin eyni salonda birgə filmə baxmaları olacaq.
Qeyd edək ki, kinoteatr qadağan olunsa da, “Hollywood” filmləri və televiziya serialları ölkədə çox seyr edilir. Səudiyyə Ərəbistanında 1970-ci illərdə bəzi kinoteatrlar var idi, lakin ölkənin nüfuzlu ruhaniləri salonların bağlanmasına nail oldular.
İndiki bu dəyişikliklərin arxasında Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın ölkəsini müasirləşdirmək arzusu dayanır. Salman bundan əvvəl neft gəlirlərinə əsaslanan ölkə iqtisadiyyatını şaxələndirmək məqsədilə sosial və iqtisadi islahatların həyata keçiriləcəyini açıqlayıb. (Bizimyolinfo.com)