Universitetin əməkdaşları hadisəyə görə rektoru günahlandırır
Türkiyənin Əskişəhər vilayətində yerləşən Osmanqazi Universitetinin Təhsil fakültəsində qətliam törədən Volkan Bayar haqqında bir çox iddialar və bəzi maraqlı məlumatlar əldə edilib. Belə ki, ABŞ-ın Denver Universitetində təhsil almış 1981-ci il təvəllüdlü Volkan Bayar 2011-ci ildə Osmanqazi Universitetində doktorantura təhsili almaq üçün Türkiyəyə qayıdıb.
Verilən məlumata görə, Volkan Bayarla 3 il ayrı yaşadıqdan sonra keçən il boşandığı və onunla eyni fakültədə elmi işçi vəzifəsində işləyən sabiq həyat yoldaşı Səadət Aylin Bayar da həbs olunub, lakin vəziyyəti pisləşdiyi üçün Yunus Əmrə Dövlət Xəstəxanasına aparılıb.
V. Bayarın hücumda istifadə etdiyi sənədli tapança ilə 23 dəfə atəş açdığı və 2 patrondaş istifadə etdiyi təsbit edilib. Onun əsas məqsədi iş yoldaşı Yasir Ərmağanı öldürmək olub. Bu barədə məlumat verən Əskişəhər valisi Özdəmir Çakacak Volkan Bayarın ilkin ifadəsinəki bəzi məqamlara da toxunub: “Osmanqazi Universitetində hadisəni törədən Volkan Bayarın ilkin ifadəsinə görə, özünün və həyat yoldaşının onun haqqında böhtan yaydıqları iddiası ilə Yasir Ərmağan tərəfindən universitetin rektorluğuna şikayət edilib. Rektorluq tərəfindən onlar barəsində inzibati qaydada araşdırma aparılıb. Təhqiqatın gedişində araşdırma aparmaq üçün səlahiyyətli şəxs onların da özlərini müdafiə etmələri üçün xəbərdarlıq yazıb: “19 apreldə müdafiənizi etməyinizi xahiş edirəm”. Bu gün bu zərf əlinə keçəndə, yoldaşını da çağırıb yazını oxuyub. Oxuduqdan sonra maşından sənədli silahını götürüb. Əvvəlcə Yasir Ərmağanın otağına gedib. Onu öldürdükdən sonra digər otaqlara girərək atəş açıb. Bu məlumatı hadisənin çox fərqli istiqamətlərə çəkilməsi üçün açıqlamağa lüzum bildik”.
Universitetin dosenti Ayşə Aypayın cumhuriyet.com.tr saytına verdiyi açıqlamalar da qatilin şəxsiyyəti barədə bəzi müəmmalı iddiaları gündəmə gətirib: “Rektorluq Volkan Bayarın böhtan xarakterli ərizələrinə əsasən, heç bir dəlil və sübut olmadan müəllimləri universitetdən qovub. Rektor lap əvvəldən Volkan Bayarı müdafiə edib. Onun şikayəti ilə müəllimlər həbs olunduqdan sonra, imtahan sessiyası olmasına baxmayaraq, həyat yoldaşı Aylin Bayar və Volkan Bayar 3 həftə müddətinə işdən azad ediliblər. Halbuki, bu müddət ərzində icazələr qadağan edilir. Günahsız olmasına baxmayaraq, mənim həyat yoldaşım onun böhtanına görə beş ay yarım həbsdə qalıb. Hər yerdə biz bu adamın təhlükəli olduğunu izah etməyə çalışdıq. Dekan Cəmil Yücəl: “Volkan polisin adamıdır, başımıza iş açar”, – deyərək heç bir tədbir görməyib. Bəlkə də aralarında bir şəxsi düşmənçilik ola bilər. Amma dekan V. Bayardan çəkinib. Rektora şikayət vermək istədikdə, bunun qarşısı alınıb. Rektorluq bu Volkan Bayarın arxasında idi. Bu faktı yoxlamalarını tələb edirəm… Orda olsaydım, 5-ci qurban da mən olacaqdım.”.
Xatırladaq ki, V. Bayarın universitetə silahlı hücumu nəticəsində 4 nəfər –dekan müavini Mikayıl Yalçın, fakültənin katibi Fateh Özmütlü, elmi işçi Yasir Ərmağan və dosent əvəzi Sərdar Çağlak hadisə yerində həlak olublar.