Bu dəfə Uzaq Şərqdə yaşayış binası yandı
Bizimyolinfo.com Rusiya Federasiyasının Primorsk vilayətinin Ussuriysk şəhərində yaşayış binasındakı mənzillərdən birində yanğın baş verib. Şəhərin Artyomovskaya küçəsində yerləşən binada baş verən yanğınla bağlı məlumat yerli vaxtla saat 5:46-da qəbul edilib. 8 dəqiqədən sonra hadisə yerinə gələn xilasetmə dəstələri yanğını söndürsələr də, mənzildə yaşayan ailə üzvlərindən heç kimi xilas etmək mümkün olmayıb.
İlkin məlumatlara görə, yanğının səbəbi elektrik rozetkasında baş verən qısaqapanma olub. Yanğını söndürüldükdən sonra mənzildə dörd qadın və bir uşağın cəsədi tapılıb. Bir nəfər isə xilas olmaq üçün özünü eyvandan atıb.
RF FHN-nin Primorsk vilayəti üzrə regional idarəsi rəisinin baş köməkçisi Avrora Rimskayanın verdiyi son məlumata görə, xəstəxanaya aparılan kişi orada keçindiyi üçün ölənlərin sayı altı nəfərə çatıb.
FHN regional idarəsinin nümayəndəsi A. Rimskaya onu da bildirib ki, Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 109-cu maddəsinin 3-cü bəndinə (“Səhlənkarlıq nəticəsində ölümə səbəb olmaq”) əsasən, cinayət işi açılıb.
Qeyd edək ki, həmin mənzildə yaşayan bütün sakinlər həlak olduğundan hüququ-mühafizə orqanlarının nümayəndələri cəza vermək üçün günahkarı ya işıq idarəsində, ya da hadisə yerinə gələn yanğınsöndürən və xilasedicilər arasında axtarmalı olacaqlar.
***
Xatırlatma: Aprelin 4-də Moskva şəhərinin Malaya Semyenovskaya prospektində yerləşən “Uşaqlar üçün Persey” ticarət mərkəzində baş verən yanğın nəticəsində bir nəfər ölüb, altı nəfər müxtəlif dərəcədə yanıq xəsarətləri alıb. Yanğın binanın yuxarı mərtəbələrində yerləşən anbar və saxlancların birində baş verib.
***
Xatırlatma: Martın 25-də Kemerovo şəhərində yerləşən ticarət mərkəzində baş vermiş yanğında 41 uşaq həyatını itirib.
***
Xatırlatma: Tümen şəhərində yerləşən “Rich Family” oyuncaq mağazasında yanğın baş verib. İlkin məlumatlara görə, yanğının əhatə etdiyi sahə, təxminən 3 min kvadrat metr olub.