Baş səhifə / Cəmiyyət / Eldar Mahmudovun qızının məhkəməyə verilməsinin pərdəarxası

Eldar Mahmudovun qızının məhkəməyə verilməsinin pərdəarxası

0

Sabiq nazirin xüsusi agenti olan “Akula Akif”in şəriki Nərgiz Mahmudovanı tikinti şirkətindəki payından məhrum etməyə çalışır

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qızı Nərgiz Mahmudova və digər 2 nəfər məhkəməyə verilib. Eks nazirin qızını məhkəməyə çəkənsə “Eyfel” MMC tikinti şirkətidir. İddiaçı qismində tanınan tikinti şirkəti tələb edir ki, MMC ilə Nərgiz Eldar qızı Mahmudova, Q.Şahqasımov və T.Əzimova arasında bağlanmış müqavilələr etibarsız hesab edilsin.

Bununla yanaşı, “Eyfel” MMC hər 3 şəxsə qarşı işgüzar nüfuzu ləkələyən məlumatların təkzib edilməsi və sair tələbi barədə qarşılıqlı iddia tələbi də irəli sürüb. Yasamal Rayon Məhkəməsi tikinti şirkətinin heç bir iddiasını təmin etməyib. Bundan sonra “Eyfel” MMC Bakı Apelyasiya Məhkəməsinə müraciət edib. Ölkə.az-ın məlumatına görə, şikayətə martın 30-da hakim Məmməd Məmmədovun sədrliyi ilə baxılacaq.

Sayt yazır ki, “Eyfel” MMC-nin rəhbəri Yavər Qurbanov şirkəti “MTN işi”nə görə hazırda axtarışda olan “Akula Akif” ləqəbli Akif Mustafayevlə birgə təsis edib. Belə ki, Eldar Mahmudovun ölkədə “at oynatdığı” dönəmdə Yavər Qurbanov MTN-in (ləğv olunub) dəstəyi altında bir sıra qanunsuzluqlara imza atıb. O, törətdiyi dələduzluq əməlinə görə 10 ildən artıq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmalı olduğu halda MTN-in dəstəyi ilə cəmi 8 aylıq cəza ilə canını qutara bilib. Yavər Qurbanov bundan sonra da qanunsuzluq etməkdə davam edib. Bu dəfə Nəsimi rayonu ərazisində, Azadlıq prospekti, 80 ünvanında yerləşən beşmərtəbəli binaları içərisində yaşayış ola-ola, sakinlərin hamısı köçürülmədən sökməyə başlayıblar.

Söküntünü “Fədək” MMC aparıb. Sakinlər isə buna etiraz ediblər. 2017-ci ilin martında baş verən söküntü işləri gedərkən məlum olub ki, bu MMC-nin təsisçisi Yavər Qurbanovdur. Onun keçmişi haqda məlumat alan sakinlər mənzillərindən çıxmaq istəmir, şirkətin təklif etdiyi şərtləri qəbul etmirdilər. Deyirlər ki, cəmi 10 manat nizamnamə kapitalı olan hansısa MMC-nin möhürünə etibar edib mənzillərinin dağıdılmasına razı ola bilməzlər. Çünki bu şirkətin müqavilə öhdəliklərinə əməl edəcəyinə onlarda əminlik yoxdur. Əsas da odur ki, MMC-nin təsisçisi Yavər Qurbanov bundan əvvəl mənzil dələduzluğuna görə həbs olunub. Yada salaq ki, 2009-cu ildə Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən Bakı şəhər sakini, “Eyfel” MMC-nin direktoru Yavər Qurbanov saxta sənəd tərtib etməklə yeni inşa edilən çoxmərtəbəli binadan Rasif Sultanov adlı şəxsə mənzil satıb. Bu dələduzluq faktı ilə bağlı Yasamal Rayon Polis İdarəsinə şikayət ərizəsi təqdim edilib. Ərizə əsasında cinayət işi başlanıb və Qurbanov həbs edilmişdi. Yavər Qurbanovun direktoru olduğu “Eyfel” MMC Bakı metrosunun Nizami stansiyasının yaxınlığında çoxmərtəbəli yaşayış binasının inşasını həyata keçirib. Mətbuatda yer alan xəbərlərə görə, o, həmçinin Eldar Mahmudovun xüsusi agenti, hazırda beynəlxalq axtarışda olan “Akula Akif”lə birlikdə 2010-cu ildə “ZAZ” MTK adlı digər tikinti şirkəti də təsis etmişdi.

“Akula Akif” kimi tanınan Akif Mustafayev keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun ən sadiq adamlarından biri hesab olunur. Mustafayev Akif İsmayıl oğlu özünü iş adamı kimi tanıtsa da əslində onun əsas vəzifəsi imkanlı iş adamları haqda MTN-dəki mütəşəkkil qruplaşmaya dosye toplayıb çatdırmaqdan ibarət olub.

“Akula”nın sxeminə əsasən MTN həmin iş adamları barədə dosyeləri aldıqdan sonra onları izləyir və həbs edirdi. Bu zaman “Akula” MTN-dəki mütəşəkkil qruplaşmanın qarmağına düşmüş iş adamına öz xidmətlərini təklif edir və onlardan iri məbləğlərdə pulun alınıb Eldar Mahmudova çatdırılmasını, beləliklə, girovun “xilas edilməsini” həyata keçirirdi. O, E.Mahmudovun işdən çıxarılması barədə 2015-ci il oktyabrın 17-də elan edilən fərmandan və həmin gün MTN-in binasında Baş Xüsusi Dövlət Mühafiə İdarəsinin keçirdiyi əməliyyatdan xəbər tutan kimi ölkədən qaçmaq qərarına gəlib. Növbəti gün o, səhər saat 08:40 reysi ilə Bakıdan Belarusun paytaxtı Minskə, oradan isə Parisə qaçıb. Hazırda isə İnterpolun axtarışındadır. Beynəlxalq polis təşkilatının rəsmi saytında göstərilir ki, 1955-ci ildə anadan olmuş Akif Mustafayev Azərbaycanın prokurorluq orqanları tərəfindən axtarışa verilib, ona qarşı rüşvət ittihamı var. (Musavat.com)

Bunu da oxu:

Dünyanı başqa tərəfdən göstərən 12 qeyri-adi foto

Fotoqraflar bizim adi hesab etdiyimiz hər şeydə qeyri-adilik görə bilirlər. Obyektivlərin köməyi ilə bizə təqdim …