Baş səhifə / Cəmiyyət / “Aprelin 10-da nişan aparacaqdıq, həmin gün cənazəsini gətirdilər…”- Aprel şəhidimizin atası…

“Aprelin 10-da nişan aparacaqdıq, həmin gün cənazəsini gətirdilər…”- Aprel şəhidimizin atası…

1

Şanlı aprel döyüşlərimizin qəhrəmanlarında biri də Silahlı Qüvvələrimizin hərbçisi Sərxan Oqtay oğlu Bayramovdur. Sərxan Bayramov 1993-cü il iyulun 12-də Zaqatala şəhərində anadan olub. Şəhidimizin atası Oqtay Bayramov Moderator.az-a danışır:

“Buna görə çox pis oldu, hətta ağladı…”

“Sərxan uşaqlıdan ağıllı, tərbiyəli uşaq idi. İki oğlum var: Sərxan evin ikinci oğludur. Özüm avtomobil çilingəriyəm. Yay tətilində Sərxan mənim yanımda işləyirdi. Ona da bu işin sirlərini öyrədirdim. Zaqatala rayonunda şəhid Nizami Hüseynov adına rusdilli orta məktəbdə oxuyurdu.

Hərbçi olmaq çoxdankı arzusu idi. Böyük oğlum da Silahlı Qüvvələrimizin ehtiyatda olan zabitidir. Sərxan 8-ci sinifi bitirəndə sənədlərini Naxçivanskı adına hərbi liseyə verdik. Amma qəbul olunmadı. Buna görə çox pis oldu, hətta ağladı. 2012-ci ildə hərbi xidmətə yollandı. Qusar rayonunda xidmət edirdi. Bir il xidmət etdikdən sonra kursa yollandı. Altı ay kurs keçəndən sonra Xüsusi Təyinatlı Bölükdə müddətdən artıq hərbi xidmətçi kimi işə başladı.

“Qız qapısına elçi gedib “həri”sini aldıq…”

İş yeri Bakıda idi. Evə də gəlib-gedirdi. İşindən razı idi, bizlərə də köməklik edirdi. İstəmirdi ki, əziyyət çəkək. Axırıncə dəfə martın 20-də Novruz bayramında evə gəldi. Hamıyla bayramlaşdı. Gəzdi-dolandı. Martın 22-də Sərxan üçün qız qapısına elçi gedib “həri”sini aldıq. Planlaşdırırdıq ki, aprelin 10-da nişan apararıq, amma həmin gün cənazəsini gətirdilər. Sərxan hərbi hissəyə qayıtdı.

“Ümid edirdik ki, sağıdır, düşmən tərəfdə əməliyyat aparır…”

Aprel döyüşləri zamanı ondan əlaqə kəsildi. Telefonuna zəng çatmırdı. Talış kəndi istiqamətində döyüşdə idi. Bizə verilən məlumata görə Sərxan aprelin 2-dən 3-nə keçən gecə şəhid olub. Aprelin 10-a kimi Sərxandan nigaran qaldıq. Ümid edirdik ki, sağıdır, düşmən tərəfdə əməliyyat aparır, qayıdacaq. Amma belə olmadı. Aprelin 10-da Sərxanın cənazəsini gətirdilər.

“Sərxana küçə adı verildi…”

Sərxan səkkiz gün neytral ərazidə qalmışdı. Aprelin 11-də böyük izdihamla Sərxanı dəfn etdik. Ölümündən sonra ölkə başçısı tərəfindən “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalı ilə təltif edildi.Yaşadığımız Zaqatala rayonunda Sərxana küçə adı verildi. Bu gün rayonumuzda şəhidlərimizlə bağlı tədbirlər keçirilir və biz şəhid ailələri də həmin tədbirlərdə iştirak edirik. Allah bütün şəhid ailələrimizə səbr versin. Bir valideyn kimi əlbəttə bizlərə oğul itirmək çətindir”.

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

Bunu da oxu:

Dünyanı başqa tərəfdən göstərən 12 qeyri-adi foto

Fotoqraflar bizim adi hesab etdiyimiz hər şeydə qeyri-adilik görə bilirlər. Obyektivlərin köməyi ilə bizə təqdim …