Baş səhifə / Foto / Ən qorxunc və ümidsiz vəziyyətlərdən sağ çıxmış 10 insanın inanılmaz taleyi (Fotolar)

Ən qorxunc və ümidsiz vəziyyətlərdən sağ çıxmış 10 insanın inanılmaz taleyi (Fotolar)

4

Bəzən həyatda elə anlar olur ki, sanki bütün dünya sənin əleyhinədir və bu artıq sondur. Belə hallarda ən yaxşısı ümidi itirmədən çıxılmaz görünən vəziyyətdən çıxış yolu tapmaqdır. Bu məqalədə öz iradəsi ilə ölümün əlindən çıxmağı bacarmış şəxslərin qısa uğur hekayələrini təqdim edirik.

Antarktidada 500 kilometr piyada

1912-ci ildə 3 avstraliyalı alim Antarktidaya elmi ekspedisiyaya yola düşdü. Geri dönərkən alimlərdən biri silah və ərzaq yüklənmiş kirşə ilə birlikdə uçuruma yuvarlanaraq həlak oldu. Sağ qalan alimlər Duqlas Mouson və Ksaver Merits bazaya çatmaq üçün buzlar üzərində 500 kilometr yol getməli oldular. Yemək yalnız yolun üçdə bir hissəsinə çatacaq qədər var idi. Merits yolda açlıqdan və soyuqdan öldü. Mouson isə dəhşətli donvurmadan əziyyət çəkirdi. Üzünün dərisi hissə hissə qopub düşür, saçları tökülürdü. Ayaqlarının altı qanayır və yara bağlayırdı. Alim aclıqldan ölməmək üçün kirşəyə qoşduğu itləri yeməyə məcbur oldu. Ölümə təslim olmaq istəmir, inadla irəli gedirdi. Bazaya nəhayət ki, çata bildi. Lakin burda onu daha bir xoş olmayan sürpriz gözləyirdi. Evinə dönməli olduğu “Avrora” gəmisi alim bazaya çatmazdan 5 saat öncə limanı tərk etmişdi. Növbəti gəmini gözləmək üçün Mouson düz 10 ay Antarktidada tənha yaşamlı oldu.

80 dəqiqə buzlu suyun içərisində qalan qadın

Anna Baqebholm xizəklə dik dağ yamacında sürüşərkən nəzarəti itirdi və şəlalənin yaxınlığında donmuş su kütləsinin içərisində başı üstə sıxışıb qaldı. Qızın başı və bədəni 20 santimetr qalınlığa malik buz kütləsinin içərisində, ayaqları və xizəyi isə çöldə qalmışdı. O, 80 dəqiqə ərzində kömək gələnə qədər buzların altında gözləməli oldu. Bu müddətdə Annanın bədən temperaturu 13,7 selsiyə qədər endi. O, xilas edilərkən kliniki ölüm vəziyyətində idi və xəstəxanada 3 saat kliniki ölüm halında qaldıqdan sonra nəbzi atdı. Həkimlər qızın yaşamasının sirrini bədəninin yuxuya getməsi ilə əlaqələndirirlər. O, tarixdə bədən temperaturu 13 dərəcəyə düşmüş və sağ qalmış ilk və tək insandır.

Saxara səhrasında 10 gün ac-susuz

İdmançı Mauro Prosperi saxara səhrasında düz 10 gün ac susuz yaşaya bilib. Mərakeşdən start götürmüş marafon yarışı zamanı qum fırtınası səbəbi ilə yolunu itirən qaçış ustası yanlış istiqamətdə düz 300 kilometr yol qət edib. İsti taqətdən salmasın deyə o yalnız səhərlər və gecələr gedirdi, gündüzlər isə yatırdı. Yolüstü köhnə və balaca kilsədə bir neçə yarasa tutub onların qanını içən idmançı susuzluğunu bu üsulla yatrmağı bacarmışdı. Susuzluqdan əzab çəkən idmançı dözməyərək intihar etmək istəmiş, venasını da kəsmişdi. Lakin qanı qatılaşmış və damar yolu özü-özünü bağlamışdı. Mauro bunu Tanrının bir işarəsi hesab edərək yoluna davam etməyə qərar verib. 5 gün sonra o, səhrada kiçik vahəyə rast gəlir və burada qalır. 2 gün sonra köçəri ərəblər onu taparaq xilas edirlər. Bu müddət ərzində Mauro 18 kilo çəki itirmişdi. 2 il sonra Prosperi yenidən bu marafonda iştirak edərək qalib gəlmişdi.

10 kilometr yüksəklikdən yıxılıb sağ qalan qadın

1972-ci il yanvarın 26-da stüardessa Vesna Vuloviç Kopenhagen-Belqrad reysi ilə uçarkən 10 kilometr yüksəklikdə təyyarənin yük sektorunda bomba partladı. Dağlarda qəzaya uğrayan təyyarədə olan 27 nəfərin hamısı həlak oldu. Bu qəzada yalnız Vesna sağ qalmışdı. O kəllə-beyin travması almış, üç qabırğası və ayaqları sınmışdı. Bu qəza nətiəsində onun bədəni iflic oldu. Qız uzun müddət xəstəxanada yaşamalı, çoxlu sayda əməliyyat keçirməli oldu. Bu gün Vesnanın adı ən yüksəkdən yıxılıb sağ qalan insan kimi Ginnesin rekordlar kitabına düşüb. Vesna 66 yaşında öz mənzilində dünyasını dəyişib.

Avstraliya səhrasında 3 ay tək

2001-ci ildə avstraliyalı Riki Meqe ayılaraq özünü səhranın ortasında görəndə şoka düşdü. Kişi bura necə gəldiyini, necə düşdüyünü xatırlamırdı. 10 gün o tanımadığı səhrada ayaqyalın, ac-susuz dolaşdı. Nəhayət, Riki özünə səhrada kiçik sığınacaq düzəltmək qərarına gəldi. Torpağı qazaraq üzərini budaq və yarpaqlarla örtdü. Bu kiçik çuxurda 3 ay çəyirtkə, qurbağa və bu kimi səhra canlılarını yeyərək həyatda qalan Rikini fermerlər taparaq xilas etmişdilər.

Həyatda qalmaq üçün öz əlini kəsib atan alpinist

2003-cü ilin aprel ayında ABŞ-ın Yuta ştatında 300 kiloqramlıq qaya parçası alpinist Aaron Pastonun üzərinə aşdı və qayanın altında sıxışıb qaldı. Belə ki, qaya onun əlini daha bərk sıxaraq tərpənməz hala gətirmiş özü isə daşın nisbətən çökək hissəsi altında qalmışdı. 4 gün qayanın altında qalan alpinist həyatdan əlini üzmüşdü. O hətta hansı gün öləcəyini də düşünərək bunu qayanın üzərində bıçaqla cizmişdi. Lakin sona qədər mübarizə aparmaq əzmi ilə alpinist elə həmin bıçaqla öz əlini qoparmaq qərarı verdi. Ölüm tələsindən qurtaran alpinisti kanyonda gəzən turistlər xəstəxanaya çatdıraraq xilas etdilər.

Meymunlarla keçən uşaqlıq

Kolumbiyalı Marina Çapmeni 4 yaşı olanda oğurlayıb cəngəlliyə atmışdılar. Balaca qızı meymunlar taparaq öz sürülərinə qatdılar və bundan sonra o meymunlar kimi yaşmağa başladı. Bir neçə il sonra bu qızı bir yerli ailə taparaq evlərində qul kimi işlətməyə başladı. Daha sonralar qaçmağaı bacaran Marinanı doğma qızı kimi qəbul edən tənha bir qadın böyütməyə başladı. Marina insanlara adaptasiya oldu, təhsil aldı, daha sonra isə bir ingilislə evlənərək Böyük Britaniyaya köçdü.

Okeanda 76 gün

1982-ci ildə Atlantik okeanında ABŞ vətəndaşı Stiven Kallaxenə məxsus yaxta fırtına zamanı batdı. Stiven xilasetmə yastığı, şişən qayıq və həyat üçün vacib olan bir neçə əşyanı çıxararaq açıq okenda həyat uğrunda mübarizəyə başladı. O qarpunun köməyilə balıq tutur, dalğalarla və akulalarla savaşırdı. 76 gün sonra onun üzərində olduğu plastik sal Karib dənizində Mari Qalant adasına yan aldı. Yerli balıqçılar ona kömək etdilər. Bu müddət ərzində stiven 3300 kilometr məsafə qət etmişdi. Sonralar o “Pinin həyatı” filmində məsləhətçi kimi iştirak edib.

11 metal mil üzərində gəzən bədən

Katrina Burqesin idarə etdiyi avtomobil 100 kilometr saat sürətlə gedərkən qəzaya uğradı və o yol kənarındakı uçuruma yuvarlandı. Qəza nəticəsində gənc xanımın boynu, kürək sümükləri, qabırğaları, çanaq sümükləri qırıldı, ağçiyəri zədələndi. Qızın orqanizminə dəstək vermək üçün həkimlər onun bədəninə 11 şaquli mil yerləşdirdilər. Katrina 5 ay ağrəkəsici dərmanların təsiri altında yaşamlı oldu. Həkimlərin səyi nəticəsində o tamamilə sağaldı və model agntliyində fəaliyyətə başladı.

3 sutka tualet quyusunda qalan adam

75 yaşlı virciniyalı pensiyaçı Kulic Uinset həyətindəki köhnə tualetə girdi və bir daha çölə çıxmadı. Yaşlı olduğu üçün üfunətli çuxurdan özü çıxmağı bacarmayan adam 3 sutka kiminsə xəbər tutaraq onu xilas etməsini gözlədi. Bu müddət ərzində isti yay günündə üfunətli hava ilə nəfəs alması yetmirmiş kimi tualet çirkabında gəzən siçovullar da onun ayaqlarını, bədənini gəmirib ölümcül hala salmışdılar. Həyətə məktub gətirən poçtalyon olmasaydı, Uinset yəqin ki, tualet quyusunda da ölüb gedəcəkdi. Lakin “əcəl gəlməyincə can çıxmaz” deyiblər…

İnsan gücü özünü ən ümidsiz anlarda büruzə verən gizli-sirli bir dünyadır. Həyatdan heç bir zaman əl çəkməyin ki, o da sizdən qopmasın.

İlhamə Rəsulova / Bizimyolinfo.com

 

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …