Baş səhifə / Mədəniyyət / “Mənim həyatımda da sevgi olub, ancaq Məcnun kimi çöllərə düşmək olmayıb…”
Mənsum İbrahimov

“Mənim həyatımda da sevgi olub, ancaq Məcnun kimi çöllərə düşmək olmayıb…”

1

“Səhnədə Leylim çox olsa da həyatımın Leylisi tək bir qadındır…”

Düzünü desəm müsahibəyə giriş üçün söz tapmaqda çətinlik çəkirdim. Yazdım – sildim, sildim yenidən yazdım. Sonda qərar verdim ki, müsahibimin zatən təriflərə, geniş təqdimata ehtiyacı yoxdur. İnsanlar onu olduğu kimi Məcnun olaraq sevir.

Bir sözlə, Azərbaycan Xalq artisti Mənsum İbrahimovla müsahibəni oxuculara təqdim edirik.

– Uzun illərdir ki, Məcnun obrazını ifa edirsiniz. İllər sizin ifanıza təsir edibmi?

– Gənc yaşlarda insan daha çox əzbərləməyə meylli olur. İllər ötdükcə aktyor oynadığı obrazlara daha hissiyatla yanaşmağa başlayır. Bu baxımdan müəyyən fərqlər var. Ancaq ifada, səsdə heç bir dəyişiklik olmur. Son iki ildir demək olar ki, aktiv fəaliyyət göstərmirəm, çalışıram ki, gənclərə daha çox yol verim. Bizim tələbələrin bir çoxu artıq Opera və Balet Teatrında işləyirlər. Muğam Televiziya musabiqəsinin 17 iştirakçısı Azərbaycan Dövlət Akademik Opera Və Balet Teatrının solistləridir. Bu gənclərin hamısı orda baş rollarda ifa edirlər. Mən də var gücümlə onları dəstəkləməyə çalışıram.

– Müsahibələrinizdə Məcnun rolunda səhnəyə çıxdığınız ilk tamaşanın lentini gizlətdiyiniz qeyd edirsiniz…

– Düzünü desəm ilk ifamda da hər şey qaydasındadır. İstər ifa, istərsə də səhnədə hərəkətlər baxımından tam normal səviyyədə ifa olunub. Əlbəttə ki, həmin vaxtlar hər şey mükəmməl idi, hər kəs tərifləyirdi. O zaman üçün düşünürdün ki, sən mükəmməl ifa etmisən. Yenə də hisslərə qayıtmaq istəyirəm. İnsan o yaşlarda səhnədə hisslərini tam göstərə bilmir. Əlbəttə, bunun üçün müəyyən zaman, təcrübə lazımdır.

– Səhnədə çox Leyliləriniz olub. Həyatda da kimi isə Məcnun kimi sevmisinizmi?

– Düzünü desəm, mənim xarakterimdə də Məcnuna uyğunluq var. Məcnunluq sadiqlik, sədaqət, fədakarlıq rəmzidir. Əlbəttə ki, mənim həyatımda da sevgi olub. Ancaq Məcnun kimi çöllərə düşmək olmayıb. Mən Qarabağda doğulub böyümüşəm. Oranın da özünəməxsus adət ənənələri olub. Yoldaşımla bir məktəbdə oxumuşuq. Sevib ailə qurmuşuq. Səhnədə Leylim çox olsa da həyatımın Leylisi tək bir qadındır. Təbii ki, mən hər zaman ona sadiq olmuşam və olacam da.

– Bir çox sənət adamları övladlarının onların yolunu davam etdirməsini istəmirlər…

– Sənət adamları bu yolda çox əziyyət çəkirlər. Bizim dövrümüzdə səhnəyə gəlmək daha çətin idi. İndi istedadları üzə çıxarmaq üçün daha gözəl şərait yaranıb. Bizim çəkdiyimiz əziyyətlərə görə istəmirik ki, övadlarımız da bu yollardan keçsin. Ancaq mən görsəydim ki, mənim övladlarımın hansındasa qeyri adi bir istedad var, əlbəttə, mən heç vaxt ona sənətə gəlməyə mane olmazdım. Əksinə, ona dəstək olardım. Ancaq adi səslə valideyninə görə sənətə gələnlər isə hər zaman yarı yolda qalır, heç bir nəaliyyət əldə etmir. Oğlumun səsi var, ancaq elə də qeyri adi səs deyil. Həm də onun daha çox idmana marağı var.

– Zaman – zaman haqsızlıqla qarşılaşmısınız. Belə insanlara münasibətiniz necə olub?

– Heç zaman haqsızlığı sevməmişəm, bununla barışa bilmirəm. Bizim dövrümüzdə bir televiziya kanalı var idi. Böyük senzura hökm sürürdü. İndiki kimi gənclərə diqqət, qayğı yox idi. Opera teatrında ilk beş ili mən ancaq kiçik rollar ifa etmişəm. Səbr, dözümlülük sayəsində mən bu səviyyəyə gəlib çatmışam. Səhnəyə gələn gündən indiyə kimi tamaşaçı məni sevib, qəbul edib. Tamaşaçıların sevgisini hər zaman hiss etmişəm.

– Yaşlı nəsil sanətkarlar arasında sizə qarşı qısqanclıq olurdumu?

– Əlbəttə olurdu. Mən indi də həmin insanı görəndə hörmətlə yanaşıram. Hər bir insanın həyatında belə hallar olur. Bu insanlarda bir xarakterdir, onların xasiyyəti belədir. Heç vaxt bu insanlara hörmətsizlik etməmişəm, etməyəcəm də. Mən özüm operada çalışan vaxt ora neçə neçə Leylilər, Məcnunlar aparmışam. Hər zaman çalışmışam ki, gənc nəsil xanəndələrə kömək edim, onlara inkişafda dəstək olum.

– Bir çox ölkələrdə muğam ifa etmisiniz. Hansı ölkə istər tamaşaçı rəğbətinə, istərsə diqqət və qayğıya görə daha fərqlənib?

– Azərbaycan muğamı elə zəngin bir musiqidir ki, əgər o peşəkar sənətkar tərəfindən ifa olunarsa dünyanın harası olursa olsun hər zaman rəğbətlə qarşılanır. Qastrollarda olduğum hər ölkədə bizim muğama qarşı məhəbbət hiss etmişəm. Bir dəfə Latviyada konsert verdik. Həmin konsertdə Latviyanın prezidenti də iştirak edirdi. Konsertdən sonra biz onunla görüşdük. O məndən sonuncu ifa etdiyimiz musiqi haqqında soruşdu. Mən, bu musiqinin Qarabağ Şikəstəsi olduğunu bildirdim və izah etdim ki, bu Qarabağın harayıdır. O bildirdi ki, mən bu musiqinin sözlərin anlamasam da hiss etdim ki, bu fəza musiqisidir. Yəni dilimizi bilməyən əcnəbi bir insan muğamı kosmik musiqi adlandırdı. Onlar muğamı bəşəri bir musiqi kimi bilirlər. Bu dünyanın hər bir yerində olub.

– Müəllimliklə də məşğul olursunuz. Hansı sahə sizi daha çox yorur?

– Mən artıq Milli Konservatoriyanın professoruyam. Yorulmağa gəlincə əgər insan öz sənətini sevirsə o gördüyü işdən heç vaxt yorulmur. Əlbəttə, insan fiziki cəhətdən yorulur, ancaq gördüyü işdən heç vaxt bezmir. Əksinə, o bundan zövq alır. Müəllimliyi çox sevirəm, çünki bizim məhsulumuz ifaçıdır. Beynəlxalq Muğam Musabiqəsi yekunlaşdı. Orada birinci yerin qalibi mənim tələbəm Elsevər Muradov, ikinci yeri isə tələbəm Təyyar Bayramovun tələbəsi Pərviz Qasımov oldu. Bir ustad üçün bundan böyük qürur, sevinc ola bilməz. Belə hallar insanı ruhlandırır. Biz gələcəyin Leylilərin, Məcnunların, Şah İsmayılların yetişdiririk.

– Mənsum müəllim, nailiyyətlər ədə etmək üçün insana ilk öncə nə lazımdır?

– Ağıl, səbr, zəhmətkeşlik bir ifaçıda varsa o hər şeyə nail olacaq. İnsan bəzən səbrsizlikdən tez ruhdan düşür. Bu mümkün deyil ki, insan gördüyü hər işdə, atdığı hər addımda ancaq uğur əldə etsin. Deməli bu uğursuzluq da növbəti bir uğura vasitədir. Hər birimizin həyatında uğur da, uğursuzluq da olub. Ancaq yıxıla – dura, daşlı-kəsəkli yollarla addımlaya – addımlaya öz hədəfinə, məqsədinə çatırsan.

– Göz dəyməsin, 58 yaşınız olmasına baxmayaraq çox gənc görünürsünüz…

– Mən demək olar ki, bütün günü çalışıram. Sutka ərzində 5 saat yuxu yatıram. Yatmağa vaxtımız çox olacaq, işləmək, çalışmaq lazımdır. Bununla yanaşı insanların sevgisi, məhəbbəti də mənə müsbət təsir edir.

Lalə Novruzlu / Moderator.az

Bunu da oxu:

Enes İbrahim: “Qarabağ məsələsinin uzanması Azərbaycanın inkişafına böyük maneədir”

Makedoniya Türk Hərəkat Partiyasının sədri, Makedoniya-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Makedoniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Enes …