Baş səhifə / Mədəniyyət / “Düzdür, İranda siğə etməyə icazə var, amma qadınlara daha çox dəyər verirlər” – Peyman Keyvani

“Düzdür, İranda siğə etməyə icazə var, amma qadınlara daha çox dəyər verirlər” – Peyman Keyvani

11

Onun səsi ilə bir neçə il öncə tanış oldum. Ürəkdən axıb gələn  həzin melodiyaları  insanın ruhuna sığal çəkir sanki…

Yad ellərdə səslənən doğma dildəki musiqilərin müəllifi, Azərbaycan gənclərinin də sevə-sevə dinlədikləri Peyman Keyvani İrandakı yaşam tərzi, fəaliyyəti barədə Bizmyolinfo.com-a danışıb. İranda yaşayan soydaşımız, populyar müğənni Peyman Keyvani ilə eksklüziv müsahibəni təqdim edirik.

Peyman, istəyirəm izləyicilərimizə bir az özünüz barədə məlumat verəsiniz.

– Ərdəbildə yaşayıram. Türkəm, başqa sözlə, Cənubi Azərbaycanlıyam. 30 yaşım var. Subayam. Anamla yaşayıram.

Bir neçə dəfə Bakıda konsertləriniz olub.

– Bəli, Bakıya bir neçə dəfə dəvət əsasında gəlmişəm. Bakını həddən çox sevirəm. Burada konsert vermək mənə də xoşdu. İzləyicilərin yüksək enerjisini hiss edirsən. Məsələn, İranda bu belə olmur. Konsertə gələnlər istəyəndə durub rəqs edə bilməzlər. Hər şeyə bir qədər qadağalar var, bu da insanı sıxır. Bir azərbaycanlı olaraq orada çox sıxıntı ilə rastlaşıram. Mən öz dilimdə oxuyuram deyə qadağalarla üzləşirəm. Farsca oxumuş olsaydım, yəqin milyonlarım olardı. Amma dilimi sevirəm, millətimlə  fəxr edirəm. Düşünrəm ki, bundan sonra biz azərbaycanlı olaraq bu ölkədə xalqın içindən çıxmış biri olaraq parlasam, bəlkə daha çox fayda verə bilərəm.

Bəs İranda sizcə, nə Azərbaycanla müqayisədə daha yaxşıdır?

– İranda kişilər xanımlarına daha çox dəyər verirlər, onların bir dediyini iki etməzlər. Nə dedilər “baş üstə” cavabı verilir. Azərbaycanda, Türkiyədə belə deyil. Düzdür, İranda siğə etməyə icazə var. Amma ümumiyyətlə, kişilər əsasən bir arvadlı olurlar. Hesab edirəm ki, insan sevdiyi insanla bir arada olmalıdır. Əgər hissləri ölübsə, özünü  xoşbəxt hiss etmirsə, ayrıla bilər. Qadının könlünü başqa şəkildə qırmaq olmaz.

– İranda sosial şəbəkələrdən rahat istifadə edə bilirsiniz?

– İranda sosial şəbəkələrə bir zamanlar qadağa qoyulmuşdu. Bizdə filtr qoyulur. O filtri qıran müəyyən proqramları qıraraq sosial şəbəkədən istifadə edə bilirik. Bu əlbəttə sıxıcı durumdur.

Azərbaycanlılar orada bir araya gəlmək üçün nələrsə edirlərmi, milli birliyinizi necə göstərirsiniz?

– Konkret olaraq özümü deyə bilərəm. Bizim burada “Traktor” adlı  futbol komandamız var. Futbol həvəskarı olmasam da, komandamızın təəssübünü qorumaq üçün  onların bütün oyunlarına gedirəm. Tək getmirik, azırbaycanlılar olaraq toplanıb gedirik. Bilirsinizmi, İranda 40 milyona qədər türk var. Tehranda, Qəzvində onların sayı çoxdur. Bizlər 120 türk boylarının bir qoluyuq. Bizi parçalayaraq zəif saldılar. Türklər çox  güclü mənəviyyatı olan insanlardır. Bir türk dünyanın harasında olursa, olsun, əlində bir quruş parası olmasa belə, başını saxlaya bilər, vəziyyətdən çıxar.

Musiqilərinizin çoxu həyat fəlsəfəsindən və eşqdən bəhs edur. Sizcə eşq nədir?

– Eşq dediyin platonik olacaq. Qovuşdunsa o eşq olmur. Eşq demək sevmək sevdiyi  üçün hər cəfaya qatlanmaq, qarşılıqsızca onun xoşbəxtliyinə sevinmək deməkdir. Bunu hər insan edə bilərmi? Sevdiyimiz insanı qısqanaraq öldürmək sevgidirmi? İnsanın bir köpəyi olur, onu parka aparır özüylə. Köpək başqa itlərlə oynayanda ona sevinir. Onun şən olmasına şən olur. Və ya ana balasını sevirsə, onun bütün sevincinə sevinir, uğurlarına şad olur. Amma sevgidə bu yoxdur axı. Sevdiyin qarşılıq vermirsə, baqasına gedirsə, sən üzülürsən, qəzəblənirsən. Sevgi acı verir.

Aşiq oldunuzmu?

– Aşiq olamayınca insan ola bilmirsən. Aşiq olmasaydım, musiqiçi olmazdım. Mən universitetdə hüquq təhsili alırdım. İkinci kursdan yarımçıq buraxdım. Çünki hüquq məntiq tələb edir, musiqi isə hisslərlə yaranır. Bu ikisi ayrı- ayrı   qütblər idi, mən hisslərimi seçdim.

Bizim müğənnilərimizdən kimləri dinləyirsiniz?

– Röya, Damla, Talıb Tale, Nadir Qafarzadə, Elnarə Abdullayeva, Rəqsənənin musiqilərini dinləmişəm. Bir  dəfə Gənclik Mol-da gəzirdim. Uzaqdan öz səsimi eşitdim. Mənim “Ay qız” mahnımı səsləndiridilər. Məmnun oldum. Mənim musqilərim bildiyimə görə “Azərcell” və “Bakcell”in ən çox musiqili zəngləri sırasında istifadə olunur. Buna da sevindim. Azərbaycan xalq musiqilərini  sevirəm. “Küçələrə su səpmişəm”, “Dağlara çən düşəndə” mahnılarını sevə- sevə səsləndiriəm.

İranda Azərbaycan məktəbləri yoxdur, dilimizi, əlifbamızı necə öyrənirsiniz?

– Marağı olan hər kəs özü oxuyub öyrənir. Köklərimizə bağlı qalmaq üçün.

İlhamə Rəsulova

Bunu da oxu:

TÜRKSOY Makedoniyada konsert təşkil edib: Azərbaycan təmsilçiləri də iştirak edib

Makedoniyanın şimal-qərbindəki Qostivar şəhərində Novruz bayramı münasibətilə (qeyd edək ki, Balkan ölkələrində Bahar bayramı bizdəkindən …