Baş səhifə / Dünya / İstanbulda xəstəxanada güclü yanğın baş verib (Fotolar)

İstanbulda xəstəxanada güclü yanğın baş verib (Fotolar)

0

Aprelin 5-də Türkiyənin gündəmi fövqəladə hadisələrlə bol olub. Əskişəhərdə universitetdə törədilən, 4 nəfərin öldüyü qətl hadisəsindən bir qədər sonra İstanbuldan gələn yanğın xəbəri ölkədə narahatlıq yaradıb.

Verilən məlumata görə, İstanbulun Qaziosmanpaşa rayonunun Qarayolları məhəlləsi, Osmanbəy küçəsi 621-də yerləşən Taksim Tədris və Tədqiqat Xəstəxanasında yanğın baş verib. Hadisədən dərhal sonra İstanbulun bir çox rayonundan xilasetmə qrupları hadisə yerinə göndərilib.

Binanın damında və fasadında alovlanaraq davam edən yanğına xilasetmə qrupları müdaxilə edib. Xəstəxanadakı xəstələrin, xidmətçi və tibb heyətinin başqa xəstəxanalara təxliyəsi davam edir. Bəzi xəstələr yanğınsöndürmə briqadası tərəfindən xəstəxanadan çıxarılıblar.

İstanbul valisi Vasip Şahin yanğına münasibət bildirərkən hadisədə itki olmamasından sevindiyini dilə gətirib. V.Şahin, həmçinin açıqlamasında xəstəxanadakı yanğınla əlaqədar 6 müstəntiqin təhqiqat aparmaq üçün təyin olunduğunu bildirib.

Qaziosmanpaşa rayon bələdiyyə sədri Həsən Tahsin Usta vəziyyətlə bağlı bunları deyib: “Allaha şükür ki, itki yoxdur, inşallah olmaz. İçəridəki xəstə sayını bilmirik. Reanimasiyadakı bütün xəstələr çölə çıxarıldı. Tüstüdən zəhərlənən xəstələrimiz var, onları da xəstəxanaya göndəririk”.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xəstəxanada çıxan yanğınla əlaqədar səhiyyə naziri Əhməd Dəmircandan məlumat alıb. (Bizimyolinfo.com)

Bunu da oxu:

9 uşaq atası sonsuz olduğunu öyrəndi və həyatı alt-üst oldu

Şimali Afrikanın müsəlman ölkəsi Mərakeşin yerli mətbuatının gündəmini anadangəlmə sonsuz olan, lakin indiyə qədər 9 …