Baş səhifə / Cəmiyyət / “Hardadır sizin o pulsuz qrant şəkilində aldığınız maşın və mexanizmlər?”

“Hardadır sizin o pulsuz qrant şəkilində aldığınız maşın və mexanizmlər?”

1

“Allah Azərbaycanımızı bu cür “çevik və ağıllı” qərarlar qəbul edən zehniyyətlərdən qorusun!”

Mən doğrusu bilmirəm bizim icra strukturlarında çalışan bəzi şəxslər özlərini ya çox ağıllı sayırlar, ya da nə əndrabadi işlərlə məşğul olduqlarının fərqində deyillər.

Bu gün belə bir xəbər yayıldı ki, Suraxanı rayon İcra Hakimiyyətində Bakı şəhər Dövlət Yol polisi İdarəsi və Suraxanı rayon DYP Şöbəsi əməkdaşlarının iştirakı ilə tədbir keçirilib.

Tədbirdə rayon ərazisində fəaliyyət göstərən 100-ə yaxın kommunal-təsərrüfat birliyi işçilərinə xüsusi jiletlər təqdim olunub. Həmin jiletlər şəhərin küçələrində kommunal-təsərrüfat işləri ilə məşğul olan, küçələri süpürən və təmizləyən işçilər üçün nəzərdə tutulub.

Necə deyərlər, bərəkallah sizin belə “operativliyinizə”. Mütləq gərək bir neçə nəfər insanımız həyatlarını itirəndən sonra, körpə uşaqlar anasız qalandan sonra sizin vicdanınız oyanaydı.

Ay yoldaş cənablar! Siz ümumiyyətlə bir işi cəmiyyətə təqdim edəndə fikirləşib edirsiniz, ya edib, sonra nəticəsinə baxırsınız? Bəh-bəhlə reklam etdiyiniz o jiletlər siz biləni, magistral küçə və prospektlərdə sürət həddi 70, 90, 110 olan ərazilərdə küçə süpürən qadınları xilasmı edəcək? Və siz nə vaxta kimi başayaq işlər görəcəksiniz? Və belə iş metodu ilə siz özünüzü kimə göstərir və nə demək istəyirsiniz?

Dünən Baş nazirin müavini Abid Şərifov ilk dəfə belə bir maraqlı məlumat açıqladı ki, Çin Xalq Respublikası (ÇXR) Azərbaycan hökumətinə 70 milyon dollar qrant maliyyə vəsaiti ayırmışdır. Və bu qrant hesabına ÇXR-dan bizim KOMMUNAL-Təssərüfüatı Birlikləri üçün xeyli sayda maşın və mexanizimlər alınmışdır. Və Baş nazirin müavini o alınan maşınlar arasında KÜÇƏLƏRİ SÜPÜRÜB təmizləyən maşınların da olmasını qeyd edib. İndi mən şəhərimizin baş bəlası olan, tarixə ən uğursuz və fəaliyyətsiz mer kimi düşəcək Hacı Bəla Abutalıbovdan, həmçinin rayon-şəhər İcra strukturlarından Bakı şəhərinin bir vətəndaşı olaraq insanlarımızın adından soruşmaq istərdim: hardadır sizin o pulsuz qrant şəkilində ALDIĞINIZ maşın və mexanizmlər? Və siz niyə 21-ci əsrdə milyonluq şəhərin magistral yollarında Azərbaycan Vətəndaşlarını ölümlə üzbəüz qoyaraq, qonaq-qara, turist, səyahətə gələnlərin gözləri qarşısında həm təhqir edir, həm də aşağılayırsınız? Biz hansı zəmanədə yaşayırıq ki, yüz kilometrlərlə şəhər yollarını o az qala dilsiz-ağızsız qadınlara yağış, külək, qar-çovğun bilmədən süpürtdürüb və onların bəzilərini öz düşüncəsizliyiniz nəticəsində yaşamaq hüququndan məhrum edirsiniz? Sizə qarşı vicdan və reallıq hissini itirməmiş ədalətli məhkəmələrdə bir yaxşı iddia qaldırılsa, vallah müflis olub, dilənçi vəziyyətinə düşərsiniz. Və siz heç utanmırsınızmı öz bərli-bəzəkli maşınlarınızda küçə və prospektlərdən keçəndə o binəva insanları o vəziyyətdə görəndə? Bizim bəzi utanmaz adı millət vəkili olan harın şəxslərdən də biri ağzını açıb deyir ki, onları heç kim işləməyə məcbur etmir. Ay sənin olmayan… Nə isə…

İndi bu jilet məsələsində də bəzi işbazlar yaxşıca pul silmək və ya qazanmaq haqqında planlar cızırlar. Ay sizin olmayan ağlınızı Allah ağıllla zinətləndirsin. Yığışdırın bu gülməşəkərliyinizi. Yekə-yekə kişilərsiniz, kamera və mikrafon qarşısına keçib özünüzü gülünc vəziyyətə qoyursunuz.

Küçə və magistralları maşın və mexanizmlər təmizləməlidirlər. Başqa çıxış yolu yoxdur və ola da bilməz. Necə edilib-edilməməsini isə oturub normal şəkildə həll etmək mümkündür və lazımdır.

Yoxsa, ay nə bilim jiletin işıqqaytarma funksiyası var, 3 rejimdə xüsusi batareya ilə işləyir-filan kimi “ixtiralarınızı” saxlıyın özünüz üçün. Ciddi və faydalı işlərlə məşğul olun. Mənə elə gəlir ki, sizin çoxunuzu elə o jiletlərlə “mükafatlandırıb” istirahətə yollamağın zamanı çoxdan çatıb.

Allah Azərbaycanımızı bu cür “çevik və ağıllı” qərarlar qəbul edən zehniyyətlərdən qorusun!!

Üzeyir Cəfərov, tanınmış hərbi ekspert (Moderator.az)

Bunu da oxu:

Abid Şərifov: “Bu məlumatı yayanlara Allah insaf versin”

Baş nazirin sabiq müavini Abid Şərifovun səhhətinin pisləşdiyi barədə mətbuatda məlumat yayılıb. Oxu.Az xəbər verir …