Baş səhifə / Gündəm / “İlham Əliyevin adını qızıl hərflərlə Azərbaycanın tarixinə yazdıracağı gün uzaqda deyil”

“İlham Əliyevin adını qızıl hərflərlə Azərbaycanın tarixinə yazdıracağı gün uzaqda deyil”

Azərbaycanın növbəti onilliklərdə hərtərəfli inkişafının barometri hesab olunacaq taleyüklü prezident seçkilərindən bizləri sayılı günlər ayırır. Hətta telekanallarda artıq başa çatmış debatları izləmədən belə, sadəcə qeydiyyatdan keçmiş namizədlərin siyahısını qısaca nəzərdən keçirmək kifayət edər ki, Prezident İlham Əliyevin bu seçkilərdə böyük səs çoxluğu ilə qalib gələcəyi çılpaqlığı ilə görsənsin. İlham Əliyev bir milli lider kimi 15 illik prezidentlik dönəmində bir daha Ulu Öndər Heydər Əliyevin necə bir uzaqgörən dövlət xadimi olduğunu sübuta yetirdi.

Vaxtilə Ümummilli lider, Müstəqil Azərbaycanın qurucusu deyirdi ki, mən İlham Əliyevə özüm qədər inanıram. Bu inam ötən 15 il ərzində özünü doğrultdu. Tez-tez müxtəlif səviyyələrdə belə fikirlər səsləndirlir ki, İlham Əliyev Heydər Əliyev siyasətinin, Heydər Əliyev yolunun ən layiqli davamçısıdır. Məncə möhtərəm prezidentimiz İlham Əliyev bu yolun layiqli davamçısı olmaqla kifayətlənmədi, olduqca gərgin dönəmdə və qarmaqarışıq coğrafiyamızda atasından miras aldığı Azərbaycanı inanılmaz dərəcədə gücləndirdi, regionun lider dövlətinə çevirərək bir çox ölkələrə, xalqlara nümunə ola biləcək yeni bir inkişaf mərhələsinin təməlini qoydu. Əlbəttə, təbii ki, o öz gücünü Heydər Əliyev ideyalarından aldı və peşəkar dövlət xadimi olduğunu, atasının nahaq yerə ona özü kimi inanmqda yanılmadığını bütün platformalarda təsdiqlədi. İstər beynəlxalq müstəvidə, istərsə də dünyanı bürüyən çoxsaylı qlobal böhranlarının ölkənin daxili həyatına nüfuz etməməsi üçün çevik idarəetmə mexanizmləri tətbiq etməklə nəinki Azərbaycanımızı təlatümlərdən qoruya bildi, eyni zamanda regionun ən sabit, iqtisadiyyatı dinamik inkişaf edən, təşəbbüskarı olduğu qlobal enerji və nəqliyyat layihələri ilə hər gün özündən söz etdirməyi bacaran lider dövlətə çevirə bildi. Artıq Azərbaycan təkcə yerləşdiyi coğrafiyada deyil, dünya miqyasında da sayılıb-seçilən, beynəlxalq miqyaslı oyunçulardan birinə çevrildi. Bu gün artıq bütün beynəlxalq təsisatlarda bizimlə hesablaşırlar və hörmətlə yanaşırlar. Bu uğurunsa memarı Prezident İlham Əliyevdir. Heç də təsadüfi deyil ki, İlham Əliyev Dağlıq Qarabağ bəlasından başqa müasir Azərbaycanın qarşısında həll edilməsi mümkün olmayan əngəl qalmadığını bəyan edir. O bunu deməkdə tamamilə haqlıdır və heç kim şübhə etməməlidir ki, torpaqlarımızın işğaldan azad edilməsinin, ərazi bütövlüyümüzün bərpa olunmasının da memarı məhz Prezident İlham Əliyev olacaq və o adını gerçəkdən də müasir Azərbaycanın tarixinə qızıl hərflərlə yazdırmağı bacaracaq. Belə bir nüfuzlu, xalq tərəfindən sevilən liderinsə məncə hər hansı yarışdan qalib çıxması təbii qarşılanmalıdır.

Bir sözlə, İlham Əliyevin milləti və ali təmsilçisi olduğu dövləti qarşısındakı xidmətləri sadalmaqla qurtarmaz. Məhz bu amil onu digər prezidentliyə namizədlər üçün əlçatmaz edir və onun bu dəfəki seçki marafonunda əvvəlki seçki dönəmlərindən daha parlaq, daha asan qələbə qazanacağına şübhə yeri qoymur. İlham Əliyev öz misilsiz xidmətləri ilə təkcə 10 milyonluq Azərbaycan Respublikasının deyil, 50 milyonluq azərbaycanlının prezidenti və himayədarı olduğunu dəfələrlə sübut etdi.

Bu gün Azərbaycanın uğurlarını gözü götürməyən beynəlxalq məkrli qüvvələr, xüsusən də erməni lobbisinin çirkli pulları ilə qidalanaraq ölkəmizə qarşı hər fürsətdə qara yaxmağa çalışan dairələr xaricdə yaşayan bəzi soydaşlarımızı da öz çirkin oyunlarının alətinə çevirməyi bacarıblar. Bu cür bisavad, yarımçıq siyasi dünyagörüşə sahib zavallı gənclər Azərbaycanın dəyərlərinə qarşı yolverilməz fəndlərlə savaş açıblar, daha doğrusu, söyüş makinalarını işə salaraq seçkilər öncəsi könül bulandırmağa çalışırlar. Amma dövlət başçısı İlham Əliyev inanılmaz təmkin sərgiləyərək yolunu azmış, beyinləri şər-böhtanla doldurulmuş bu insanlara qarşı hər hansı aqressiya nümayiş etdirilməsinə imkan vermir. Bununla o hər kəsin Prezidenti olduğunu bir daha təsdiq edir və bu insanların etdikləri qəbahəti tezliklə anlayaraq haqq yoluna qayıtmasına böyük töhfə vermiş olur. Bu, gerçəkdən Milli Liderə, uzaqgörən dövlət xadiminə xas siyasi xəttdir.

Qarşıda Azərbaycanın çiçəklənməsi və bir günəş kimi parlaması üçün görülməli olan xeyli iş var. Bu miqyasda işlərinsə öhdəsindən yalnız İlham Əliyev gələ bilər və bizlər bu yolda ona möhkəm can sağlığı, ardıcıl uğurlar arzulayırıq. Qədirbilən xalqımızın aprelin 11 – də Cənab Prezidentimiz İlham Əliyevə növbəti dəfə etimad göstərəcəyi şəksizdir. Onun yekdilliklə seçicilərin səslərini qazanacağını artıq çoxsaylı rəy sorğuları da sübuta yetirib. Bizlərə isə İlham Əliyevin seçkilərdən dərhal sonra davam etdirəcəyi uğurlu siyasətin bəhrəsini, islahatların meyvələrini birlikdə izləmək qalır.

Yolunuz açıq olsun, Cənab Prezident. Bu Millət Sizin Vətən qarşısındakı xidmətinizi heç zaman unutmayacaq!

Baba Tağıyev, “İrəli, Azərbaycan” İctimai Birliyinin sədri (Moderator.az)

Bunu da oxu:

Abid Şərifov da işdən çıxarıldı

Baş nazirin müavini Abid Şərifov vəzifədən çıxarılıb. Bu barədə müvafiq sərəncamı Azərbaycan Prezideni İlham Əliyev …